Yuxarı

Qubada dağlıq ərazidə baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB - FOTO

Qubada dağlıq ərazidə baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB - FOTO
© Report

Quba. 30 iyul. REPORT.AZ/ Quba rayonun Çiçi kəndində baş verən yanğın lokallaşdırılıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Siyəzəndən başlayan yanğın Şabran rayonu ərazisini və Quba rayonunu əhatə edib. 

Quba rayonunun Çiçi kəndi ərazisində olan meşə-kolluq və biçilmiş əkin sahələri yanmağa başlayıb. Yanğının söndürülməsi üçün helikopterlər, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının yanğınsöndürmə briqadaları və canlı qüvvələri cəlb edilib.

Əraziyə Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Aydəmir Manafov, rayonun müvafiq idarə və müəssisələrinin rəhbərləri, polis əməkdaşları və ictimaiyyət nümayəndələri gəliblər.

A.Manafov bildirib ki, yanğının yaranma səbəbi ilkin ehtimallara görə ehtiyatsızlıq və məsuliyyətsizlikdən olub: "Yanan ərazi, təqribən, 700-800 ha sahəni əhatə edib. Buraya meşə-kolluq və biçənək sahələri daxildir. Yanğının söndürülməsi üçün əraziyə bir neçə rayonun yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Bununla yanaşı, 2 helikopter və yerli sakinlər yanğının söndürülməsi istiqamətində fəal iştirak edir".

Qeyd edək ki, yanğının baş vermə səbəbləri aparılan araşdırma nəticəsində məlum olacaq.


*** 12:24

Siyəzən rayonunda başlayan yanğın Şabran və Quba rayonlarının ərazisinə keçib.

"Report"un Şimal bürosunun məlumatına görə, Şabran rayonunun Dağ Bilici kəndi istiqamətindən Quba rayonunun Çiçi kəndi istiqamətindəki dağ-meşə massivində yanğın başlayıb. 

Təxminən, 1000 hektara yaxın ərazini əhatə edən yanğın zamanı meşədə heyvanlar və quşlar tələf olub, təbiətə ziyan dəyib.

Hazırda yanğınsöndürənlər və kənd sakinləri tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində işlər görülür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi