Yuxarı
    Bağlamaq

    Qubada 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

    Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib

    Bakı. 26 may. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elvin Məlikovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un məlumatına görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, E.Məlikovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılıb.

    İttiham aktına əasən, hadisə 2016-cı ilin mart ayının 12-də Quba-Xınalıq yolunun Qırız Dəhnə kənd ərazisində baş verib. Sərxoş vəziyyətdə və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Xınalıq sakinləri - sürücü E.Məlikov, sərnişinlər Şahin Bahəddinov və Elşən Yarməmmədov “VAZ-21214” markalı, 40-BH-085 dövlət qeydiyyat nişanlı avtomobildə Xınalıqdan Quba istiqamətində hərəkətdə olarkən dağdan aşıblar. Avtomobilin qəzaya uğraması nəticəsində hər iki sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü ağır yaralanıb.

    Hadisə yerinə Quba rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Sürücü Quba Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra E.Məlikovun həyatını xilas emək mümkün olub.

    Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan E.Məlikov barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin çıxardığı hökmün dəyişdirilərək, müvəkkilinə daha yüngül cəza təyin olunması barədə qərar qəbul edilməsini istəyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi