Qonşusunu bıçaqlayan şəxs apelyasiya şikayəti verib

Qonşusunu bıçaqlayan şəxs apelyasiya şikayəti verib Bakı Apelyasiya Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən Əzizağa Bünyatovun barəsindəki hökmdən verdiyi apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
19 İyul , 2019 20:19
Qonşusunu bıçaqlayan şəxs apelyasiya şikayəti verib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı Apelyasiya Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən Əzizağa Bünyatovun barəsindəki hökmdən verdiyi apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, mahiyyəti üzrə baxış iyulun 24-nə təyin edilib.

Qeyd edək ki, Ə.Bünyatov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib. 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub.

Ə.Bünyatov məhkəmədə bildirib ki, qonşusu Xaliq Nəsirovu söyüş söydüyü üçün bıçaqlayıb: “Məhləmizdə qapının ağzında köynəksiz oturmuşdum. Bu zaman qonşum Xaliq geyimimə irad bildirdi və gözlənilmədən məni nalayiq söyüşlərlə söyməyə başladı. Mən də evə girib, bıçağı götürüb qayıtdım və onu bıçaqladım. Kim olsa, bu söyüşləri götürməzdi”.

Daha sonra zərərçəkmiş Xaliq Nəsirov da qonşusuna məhlədə çılpaq oturduğu üçün irad bildirdiyini təsdiq edib: “Əzizağaya da bir qardaş kimi dedim ki, “belə geyinmə, yol qırağıdır, qız-gəlin keçir. Camaatın anası-bacısı var, olmaz axı belə. Ancaq söyüş söyməmişəm. O, mənim sözümdən sonra evdən bıçağı götürüb üstümə gəldi və məni vurdu”.

Ə.Bünyatova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi