Qohumunu öldürən qardaşların məhkəməsi başlayıb

Qohumunu öldürən qardaşların məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası sentyabrın 17-nə təyin edilib
Hadisə
10 Sentyabr , 2015 17:21
Qohumunu öldürən qardaşların məhkəməsi başlayıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Vasif Məmmədovun qətlində, qardaşı Asif Məmmədovu isə bıçaqlamaqda təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Elçin Əliyev Novxanada yaşadığını və taksi sürücüsü işlədiyini bildirib: "Sahil" marketindən alış-veriş edən zaman çöl tərəfdən səs gəldi. Mən marketdən çıxmaq istəyərkən Vasif əlində bıçaq içəri daxil oldu. Onun kürəyindən qan axırdı. Qardaşı Asifin və özünün bıçaq yarası aldıqlarını deyib, məndən onları xəstəxanaya aparmağımı istədi. Mən də tez qardaşları maşınıma mindirib, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirdim. Səhəri gün məni şahid qismində Abşeron Rayon Polis Şöbəsinə çağırdılar və orada dedilər ki, cinayəti Vüqar törədib. Hadisədən iki ay sonra təqsirləndirilən şəxslərin qohumu mənə bıçaqla xəsarət yetiriblər. Lakin onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur".

Daha sonra digər şahid Ariz Səftərov ifadə verib: "Təqsirləndirilən şəxslərin heç birini yaxından tanımıram. Qətl hadisəsi günü məclisdə oturmuşdum. Vasif mənə zəng edib çağırdı. Onunla tanımadığım şəxsin yanına getdik. Vasif telefonla danışdıqdan sonra qarajdan toyuq və göyərçinləri maşına mindirib, onları evə gətirməyimi istədi. Evə gedəndən sonra eşitdim ki, Vasif və qardaşı Asif bıçaqlanıb".

Məhkəmənin növbəti iclası sentyabrın 17-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2014-cü ilin iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Məmmədov və Yusifovlar (onlar qohumdur) arasında borc üstündə düşən dava qətllə nəticələnib. Belə ki, qəsəbə sakini 25 yaşlı Vüqar İsmayil oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayit Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər. Abşeron Rayon Polis Şöbəsində istintaq apırılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.

Qeyd edək ki, Vüqar və Zülfüqar Yusifov qardaşları Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi