Bakı. 15 may. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qonşusunu söyüş üstündə öldürməyə cəhd edən İsbat Hümbətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ.Hümbətovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, İ.Hümbətovun əməli Cinayət Məcəlləsinin (CM) 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Onun 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.
Qeyd edək ki, hadisə 2015-ci ildə Qobustan rayonunda baş verib. Rayon sakini İ.Hümbətov qonşusu Nicat Cəbrayılovu bıçaqlayıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş İ.Hümbətov tutulub.
Araşdırmalar zamanı müəyyənləşib ki, qonşular arasında mübahisə olub və N.Cəbrayılov İ.Hümbətovu söyüb. Bu zaman əsəblərini cilovlaya bilməyən İ.Hümbətov bıçağa əl atıb.
O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Hümbətov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.