Qobustanda dostunu qətlə yetirən şəxsin atası və qardaşı ifadə verib

Qobustanda dostunu qətlə yetirən şəxsin atası və qardaşı ifadə verib Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
101
30 Aprel , 2018 16:09
Qobustanda dostunu qətlə yetirən şəxsin atası və qardaşı ifadə verib

Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elvin Osmanov ifadə verib.

O, hadisə baş verən kafedə işlədiyini deyib: "Həmin zaman mətbəxdə olmuşam. Səs-küy başlayan vaxt zala gəlmişəm. Mətbəxdən çıxanda bıçaqlaşma hadisəsi olmuşdu. Yaralılardan Tələtin yanında idim. Onları sakitləşdirməyə çalışırdıq. Amal heç kimi yaxına buraxmırdı. Tələt çölə çıxanda onun arxasınca çıxdım. Nə baş verdiyini görmədim".

Daha sonra mərhumun anası üzünü şahidə tutaraq soruşub: "Amal oğlunu vurmasının səbəbini deyibmi? Əgər həqiqətən oğlum namus üstündə öldürülübsə, araşdırılsın. Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın. Oğlumu 9 aydır itirmişəm".

Məhkəmədə təqsirləndirilən şəxsin atası Mahir Zülfüqarov da şahid qismində dindirilib. O bildirib ki, oğlu ilə mərhum arasında yaxın dostluq münasibəti olub: "Amal Nabrandan gələndən sonra gərgin və fikirli idi. O danışmırdı, yemək də yemirdi. Elə bir xasiyyəti də var idi ki, sözü olanda danışmırdı. Həmin gecə evə zəng gələndə bildim ki, hadisə baş verib. Mən qızımı sakitləşdirdim. Digər qızım isə Almaniyada yaşayır".

Mərhumun anası şahid M.Zülfüqarova sual verib. O qeyd edib ki, "oğlun deyirdi ki, Qismət sənin qızınla danışıb? Buna görə oğlumu öldürüb?".

Bu sual təqsirləndirilən A.Zülfüqarovu qəzəbləndirib. O, saxlanıldığı şüşə qəfəsə yumruqla vurub.

Məhkəmə təqsirləndirilən şəxsə xəbərdarlıq edib və hakim belə bir hal növbəti dəfə baş verəcəyi halda ona zaldan çıxarılacağını söyləyib.

M.Zülfüqarovun sözlərinə görə, hadisədən sonra oğlu ilə mərhum arasındakı mübahisə barədə eşidib: "Nabrana gedəndə mərhum Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da buna iradını bildirib. Amal da "bir xanım haqqında bu sözləri işlətmə" deyib.

Daha sonra iclasda təqsirləndirilən şəxsin qardaşı Asif Zülfüqarov da ifadə verib. O, qardaşı ilə mərhum arasında yaxşı münasibətlərin olduğunu söyləyib: "Amal anama deyirdi ki, "sənin üç oğlun var, biri də Qismətdir". Hər gün bir yerdə olurdular".

Məhkəmənin növbəti iclası mayın 4-nə təyin ediıib.

İttihama görə, ötən ilin avqustunda A.Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra A.Zülfüqarov dostu Q.Məmmədlini onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Onlar Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman o, arxadan Q.Məmmədliyə yaxınlaşaraq onun boyun və sinə nahiyələrinə bıçaq zərbələri endirib. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə bıçağı onun əlindən almaq istəyib. Lakin A.Zülfüqarov onlara da bıçaq zərbəsi endirib. Daha sonra A.Zülfüqarov Q.Məmmədlini boğaraq öldürüb.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.

Elan olunmuş ittiham üzrə A.Zülfüqarov özünü qismən təqsirli bilib və xüsusi amansızlıq niyyəti ilə adam öldürdüyünü etiraf edib.

O, sərbəst ifadəsində deyib ki, öldürdüyü Q.Məmmədli ilə dost olub, son zamanlar dostu ona qarşı dəyişib.

A.Zülfüqarova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) 120.2.4-cü (xüsusi amansızlıqla) 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi