Yuxarı
    Bağlamaq

    Qobustanda dostunu qətlə yetirən şəxs: "Dedim ki, ölürsən, kəlimeyi şəhadətini gətir"

    Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    İttihama görə, ötən ilin avqustunda A.Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra A.Zülfüqarov dostu Q.Məmmədlini onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Onlar Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman o, arxadan Q.Məmmədliyə yaxınlaşaraq onun boyun və sinə nahiyələrinə bıçaq zərbələri endirib. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə bıçağı onun əlindən almaq istəyib. Lakin A.Zülfüqarov onlara da bıçaq zərbəsi endirib. Daha sonra A.Zülfüqarov Q.Məmmədlini boğaraq öldürüb.

    Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.

    Elan olunmuş ittiham üzrə A.Zülfüqarov özünü qismən təqsirli bilib və xüsusi amansızlıq niyyəti ilə adam öldürdüyünü etiraf edib.

    O, sərbəst ifadəsində deyib ki, öldürdüyü Q.Məmmədli ilə dost olub, son zamanlar dostu ona qarşı dəyişib: "Onun "Atlant" istirahət mərkəzinə gedən zaman yolda mənə qarşı fərqli şəkildə davrandığını hiss edirdim. Qismət mənə tərs-tərs baxdı. Səbəbini soruşanda söyüşlə dedi ki, yaxşı edirəm. Mən də uşaqlardan da səbəbini soruşdum. Onlar da heç nə demədi. Artıq mən də əsəbləşməyə başladım".

    Onun sözlərinə görə, növbəti dəfə Qobustanda kafedə görüşüblər: "Oturanda arxadan ona yaxınlaşdım. Qalxmaq istəyəndə çiynindən tutdum. İlk orada sinəsindən vurdum. Qalanı da yazıldığı kimidir".

    A.Zülfüqarov digər şəxsləri də bıçaqlamasının səbəbini belə izah edib: "Mən Haldunla, Tələtlə dost olmuşam. Çörək kəsmişəm. Onlara zərbə endirməmişəm. Ola bilər ki, məni itələyəndə dəyib".

    Məhkəmədə o da məlum olub ki, A.Zülfüqarov kafeyə gələn təcili yardım işçilərini də içəri buraxmayıb.

    A.Zülfüqarov bunun səbəbini belə izah edib: "Mən onu xüsusi amansızlıqla öldürmüşəm. Etiraf edirəm. Onunla çox yaxın olmuşam. Amma etdiyi səhvi bağışlaya bilmirdim. Onu vurduqca bilirdim ki, əzab çəkir. Mən özüm də əzab çəkirdim. Bıçağı vuranda gördüm ki, xırıldayır. Dedim ki, ölürsən, kəlimeyi şəhadətini gətir. Gördüm ki, Allah, Allah deyir. Əzab çəkməsin deyə boğub öldürdüm. O, əzab çəkdikcə mən də əzab çəkirdim. Həkimlər içəri girəndə qoymadım yaxınlaşsınlar. Artıq ölmüşdü, qadınların da yaxınlaşmasını istəmədim".

    Qeyd edək ki, A.Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyətdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) 120.2.4-cü (xüsusi amansızlıqla) 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi