Qobu bələdiyyəsinin keçmiş sədri məhkəmə zalında həbs edilib

Qobu bələdiyyəsinin keçmiş sədri məhkəmə zalında həbs edilib Ənvər Əmiraslanov 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1061
3 Noyabr , 2017 14:38
Qobu bələdiyyəsinin keçmiş sədri məhkəmə zalında həbs edilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltməkdə təqsirləndirilən Abşeron rayonu, Qobu bələdiyyəsinin keçmiş sədri Ənvər Əmiraslanovun cinayət işi məhkəmə iclası başa çatıb. 

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Əmiraslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, prokuror çıxışda Ə.Əmiraslanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktına əsasən, Ə.Əmiraslanov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilən özgə əmlakı xeyli miqdarda ziyan vurmaqla talayıb, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirib, hüquq verən rəsmi sənədi saxtalaşdırıb. O, 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, özgə əmlakını talamaq məqsədi ilə Qobu bələdiyyəsinin hesabına ayrı-ayrı daxilolmalar üzrə xəzinəyə mədaxil edilmiş mövcud pul vəsaitindən 4000 manat məbləği mal-material alınması adi ilə məxaric edib, lakin həmin məbləğ üzrə heç bir mal-material almadan qanunsuz olaraq özünə götürüb.

Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə 2013-cü ildə bələdiyyəyə müraciət etmiş Bakı şəhər sakini Nuriyev Rəhman Saleh oğluna Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsini 2000 manata, Sumqayıt şəhər sakini Qəribov Samir Nəcməddin oğluna 0.08 ha torpaq sahəsini 2000 manata satmaqla onların adına rəsmiləşdirəcəyinə yalandan vəd verib. O, zərərçəkmişlər Namiq Abdullayev, Samir Qəribov və Rəhman Nuriyevdən bələdiyyənin inzibati binasındakı xidməti otağında ümumilikdə 10000 manat pul alaraq, dələduzluq edib. Eyni dələduzluq əməlləri ayrı-ayrı adamlara qarşı təkrarən törədilib.

Ə.Əmiraslanovun başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə) 320.1-ci (saxta sənəd düzəltmə) maddələri ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi