Yuxarı

Qızını zəhərləyib öldürən qadın: "Anam uşağımı Bakıdan gəlmiş bir nəfərə vermək istəyirdi"

Qızını zəhərləyib öldürən qadın: "Anam uşağımı Bakıdan gəlmiş bir nəfərə vermək istəyirdi"

68

Məhkəmənin növbəti iclası noyabrın 8-nə təyin edilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Seymur Guləliyev ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslə eyni kənddə yaşayıblar: "Səs-küy eşidəndə çölə çıxdıq. Yoldaşım bildirdi ki, Luiza yoxdur. Onu axtarıb evdən tapdılar. Halı pisləşdiyi üçün xəstəxanaya apardılar. Sonra qızın ölüdüyünü eşitdim".

Şahid S.Güləliyev G.Saypullayevanı bir neçə dəfə gördüyünü qeyd edib.

Daha sonra digər şahid Zeybulla Ələsgərov dindirilib. O, həmin kənddə qoyun otardığını və G.Sayfullayevanı da orada gördüyünü deyib. Dövlət ittihamçısının suallarından məlum olub ki, hər iki şəxs hal şahididir. Onlar G.Sayfullayevanın uşağına verdiyi dərmanın evdən götürülməsində iştirak ediblər.

Prosesdə G.Saypullayeva sərbəst ifadə verib. O, anasının onun uşağı Luizanı qəbul etmədiyini deyib: "Ata evinə gedəndə anam deyirdi ki, uşağı gətirmə".

G.Sayfullayeva qeyd edib ki, hadisə günü uşağın süd içdiyini görüb: "Tanrıya and olsun ki, mən onu zəhərləməmişəm. Səhvən özü bunu içib. Mən özümü öldürərdim, amma uşağı yox. Anamla münasibətimiz yaxşı deyildi. Mən ona lazım deyildim. Psixoloji əziyyət çəkirdim. 16 yaşımda ana olmuşam. Anam uşağı qəbul etmədi, mənə kömək etmədi. Bakıdan bir qadın gəlmişdi. Anam uşağı ona vermək istəyirdi".

Məhkəmə istintaqının başa çatdığı elan olunub.

Məhkəmənin növbəti iclası noyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, bu il iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası G.Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib.

G.Saypullayeva şübhəli şəxs qismində tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi