Yuxarı

Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayan şəxs apellyasiya şikayəti verib

İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq

Bakı. 24 mart. REPORT.AZ/ Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlamaqda və xuliqanlıqda təqsirləndirilən Babayev Maarif Arif oğlu barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 28-nə təyin edilib.

İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayının 11-də Binə qəsəbəsi Bünyadzadə küçəsində baş verib. 1981-ci il təvəllüdlü Maarif Babayev qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Razayevi qısqanclıq zəminində bıçaqlayıb. Belə ki, o, qeyri-rəsmi nikahda yaşadığı qadını R.Razayevlə görüb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayev tutulub.

M.Babayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 185.3.3-cü (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi