Qətlə yetirilən menecerin arvadı: "Qatilin nəfəsini başımın üstündə hiss edirdim"

Qətlə yetirilən menecerin arvadı: "Qatilin nəfəsini başımın üstündə hiss edirdim" "O mənə "səni də öldürəcəm" dedi"
Hadisə
4 Avqust , 2016 11:57
Qətlə yetirilən menecerin arvadı: Qatilin nəfəsini başımın üstündə hiss edirdim

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış mağazanın menecerini öldürməkdə təqsirləndirilən Paşa İsmayıl oğlu Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən Vüsal Xəlilovun həyat yoldaşı Esmira Nəbiyeva ifadə verib.

O ifadəsində bildirib ki, təqsirləndirilən şəxs ona xəsarət yetirməyib: "Hadisə zamanı Paşa mənə yaxınlaşdı. O mənə "səni də öldürəcəm" dedi. Mən yerə çöküb, əlimi başıma tutdum. Qatilin nəfəsini başımın üstündə hiss edirdim. Hər şeyi məhkəmənin öhdəsinə buraxıram".

P.Qələndərov hadisəni törətdiyi üçün peşman olduğunu deyib: "Belə bir hadisənin olmasını istəməzdim, onun ailəsi və uşaqları var idi. Heyif ki, peşmançılıq fayda vermir".

Məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci il dekabr ayının 21-də Nizami rayonu Keşlə qəsəbəsində baş verib. "28 Mall" Ticarət Mərkəzində yerləşən "Next" mağazasının meneceri Vüsal Ələkbər oğlu Xəlilov evində 27 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub. Cinayət onların gözü önündə törədilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü P.Qələndərov saxlanıb. Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub. V.Xəlilov P.Qələndərovu işdən çıxarıb. Rəhbərinin bu hərəkətinə görə, o, V.Xəlilovdan qisas almaq qərarına gəlib.

Cinayət işinin istintaqı Nizami Rayon Prokurorluğunda yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi