Qaynını qətlə yetirən şəxs: "İt kimi peşmanam"

Qaynını qətlə yetirən şəxs: "İt kimi peşmanam" "Öz uşaqlarımı, ailəmi, onun da ailəsini başsız qoydum"
Hadisə
11 May , 2017 14:10
Qaynını qətlə yetirən şəxs: İt kimi peşmanam
Report.az

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

T.Fərəcov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O bildirib ki, həyat yoldaşının qardaşları ilə münasibətləri yaxşı olub: "Mən rəhmətlik Rövşənə suqızdırıcısı satmışdım. Gəlib həmin suqızdırıcını işləmədiyini dedi. Mən də usta adamam. Bildirdim ki, gəl evimdəki suqızıdırıcısını apar, mən özümünkünü düzəldərəm. Mübahisə edəndə o, söyüş söydü. Mən də özümdə olmadım. Rövşənə iki dəfə xəbərdarlıq etdim ki, çıxıb getsin, amma davam etdi. Yan otağa girib tort kəsilən bıçağı götürüb, üstünə gəldim. Qorxutdum ki, getsin. Üstünə gedəndə yenə söyüş söydü. Mən də vurdum".

T.Rəcəbovun sözlərinə görə, R.Cəfərov hadisə zamanı evi tərk edib: "Mən də bıçağı dəhlizdə arvadım Mahirəyə verdim. Ona "deyəsən qardaşını vurdum" söylədim. Dedim ki, zəng elə görək hanı? Yarım saat sonra zəng edəndə Rövşənin telefonuna polis cavab verdi. Məni 34-cü polis bölməsinə çağırdılar. Polisə gedib günahımı etiraf etdim. Mən bu hadisəyə görə it kimi peşmanam. Öz uşaqlarımı, ailəmi, onun da ailəsini başsız qoydum".

Məhkəmənin növbəti iclası mayın 18-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvar ayının 4-də baş verib. Naxçıvan şəhər sakini T.Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.

Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən R.Cəfərovla hadisəni törədən T.Fərəcov qayın-yeznə olub.

Yanvarın 4-də bayramlaşmaq üçün bacısıgilin Xətai rayonunda kirayə yaşadığı mənzilə gələn 35 yaşlı R.Cəfərov burada yeznəsi T.Fərəcovla dalaşıb. İçkili vəziyyətdə olan R.Cəfərovun sakitləşmədiyini görən T.Fərəcov onu bıçaqlayaraq öldürüb.

T.Fərəcov ilkin istintaq zamanı qaynını söyüş söydüyünə görə vurduğunu deyib. Hadisə vaxtı R.Cəfərovun bacısı da evdə olub.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törəldildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi