Qax. 25 iyun. REPORT.AZ/ Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.
Bu barədə "Report"un Şimal-Qərb bürosuna Qax Rayon Polis Şöbəsindən məlumat verilib.
Belə ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bitən narkotik tərkibli bitkilərin yerinin müəyyən olunaraq məhv edilməsi istiqamətində "Xaşxaş-2016" şərti adı altında əməliyyat tədbiri keçirib.
Nəticədə rayonun Fısdıqlı kəndi yaxınlığında istifadə olunmayan 1.2 hektar ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb. Polis əməkdaşları ərazidən 6 574 ədəd ümumi çəkisi 2 ton 435 kq olan narkotik tərkibli bitki olan çətənə kollarını toplayaraq yandırıblar.
Qax Rayon Polis Şöbəsindən bildirilib ki, narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.