Yuxarı

​Qardaşını öldürməkdə təqsirləndirilən gənc qız: "Onu mən yox, qonşumuz qətlə yetirib"

Məhkəmənin növbəti prosesi fevralın 11-nə təyin edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Baxışova Alyona Fazil qızının cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda A.Baxışova qardaşını öldürmədiyini deyib.

O, ilkin istintaq zamanı verdiyi ifadədən imtina edib, qardaşını öldürməklə bağlı ifadəni təzyiq altında verdiyini bildirib: "Qardaşımı mən öldürməmişəm. Onu qonşumuz Ələsgər Səlimov qətlə yetirib".

Prosesdə A.Baxışovanın ittiham etdiyi Ələsgər Səlimov da iştirak edib. Lakin Ə.Səlimov məhkəmə heyətinin ona ünvanladığı suallara cavab verməyib, sadəcə susaraq dayanıb.

Məhkəmənin növbəti prosesi fevralın 11-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2014-cü ildə Qusar rayonunun Lecet kəndində baş verib. İttiham aktına əsasən, A.Baxışova qardaşı Baxış Baxışovu qətlə yetirib. A.Baxışova ilkin ifadəsində bildirib ki, qardaşı təcavüz etmək niyyətində olduğu üçün onu balta ilə vurub. A.Baxışova qardaşını öldürdükdən sonra basdırıb. Hadisədən yeddi ay keçəndən sonra meyiti çıxarıb başqa yerdə dəfn edib. Cinayət işinin üstü isə B.Baxışovun telefonundan ailə üzvlərinə gələn mesajdan sonra açılıb. Mesajın A.Baxışova tərəfindən yazıldığı məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. A.Baxışova ilkin istintaq zamanı qardaşını öldürdüyünü bildirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi