Qaradağda evə basqın edib, qadını hədələyən şəxs məhkəmədə ifadə verib

Qaradağda evə basqın edib, qadını hədələyən şəxs məhkəmədə ifadə verib Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi davam etdirilib.
Hadisə
29 Noyabr , 2018 12:45
Qaradağda evə basqın edib, qadını hədələyən şəxs məhkəmədə ifadə verib

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək, yatan Elnarə Əhmədovanı xəncərlə hədələyib. O, daha sonra qadından 150 manat pul istəyib. Səs-küyə oyanan N.Əhmədov onu zərərsizləşdirib.

Təqsirləndirilən C.Əhmədov ifadəsində bildirib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib.

O qeyd edib ki, məclisdən evə sərxoş vəziyyətdə gedib: "Anam ilə tək qalırdım, həmin gün bekarçılıqdan ürəyim sıxılırdı, çox darıxırdım. Evdən suvenir xəncəri götürüb həmin evə getdim. Elə bilirdim ki, orada heç kim yaşamır. Pəncərə "setka"sını cırıb içəri girdim. Qadının yatdığını gördüm və onu oyadıb, 150 manat pul istədim. Mənə elə o qədər pul lazım idi. Amma vermədi, qışqırdı. Əri yanında yatmışdı. Bu zaman əri oyandı, xəncəri özüm ona təhvil verdim. Mənim əl-qolumu bağladı, sonra qonşular yığışdı. Polis çağırıb məni onlara təhvil verdilər".

Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, C.Əhmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi