​Qaraçuxurdakı məscidi yandırmaqda təqsirləndirilən şəxs: "Vaxtilə MTN-in əməkdaşı olmuşam"

​Qaraçuxurdakı məscidi yandırmaqda təqsirləndirilən şəxs: "Vaxtilə MTN-in əməkdaşı olmuşam" Məhkəmənin növbəti iclası fevralın 29-na təyin edilib
Hadisə
22 Fevral , 2016 13:42
​Qaraçuxurdakı məscidi yandırmaqda təqsirləndirilən şəxs: Vaxtilə MTN-in əməkdaşı olmuşam

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Ələkbərov son sözlə çıxış edib.

O bildirib ki, məcsidi yalnız N.Nəsibov yandırıb: "Mən hadisə günü Namiqlə yalnız taksidə getmişəm və məscidi yandırmaqda iştirak etməmişəm. Mənim yalnız günahım hadisədən sonra hüquq-mühafizə orqanlarına xəbər verməməyim olub. Namiqin məscidi yandıracağından xəbərsiz idim. 2007-ci ildə rəsmi olaraq keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuşam. Bir neçə əməliyyatda iştirak etmişəm. Terrorizimə həmişə nifrət etmişəm".

N.Nəsibov isə son söz üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası fevralın 29-na təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən E.Ələkbərovun 15 il, N.Nəsibovun isə 17 il, müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2014-cü ilin noyabr ayının 26-da Qaraçuxur qəsəbəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, N.Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. O, Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra E.Ələkbərov ilə birgə "PKK" terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. N.Nəsibov və E.Ələkbərov internetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Son xəbərlər

Orphus sistemi