Yuxarı
    Bağlamaq

    Qaraçuxurdakı məscidi yandıran şəxslərə ümumilikdə 32 il həbs cəzası istənilib

    Məhkəmənin növbəti prosesi dekabrın 21-nə təyin edilib

    Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    "Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı məhkəmədən N.Nəsibovun 17 il, E.Ələkbərovun isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmənin növbəti prosesi dekabrın 21-nə təyin edilib.

    Qeyd edək ki, ötən il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə "PKK" terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi