​“Qara Rəhilə” ləqəbli cibgirin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

​“Qara Rəhilə” ləqəbli cibgirin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib
Hadisə
19 Aprel , 2016 09:39
​“Qara Rəhilə” ləqəbli cibgirin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bakıda oğurluq və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova, 1952-ci il təvəllüdlü Məleykə Şamilova, 1970-ci il təvəllüdlü Mətanət Şamilova, 1973-cü il təvəllüdlü Natəvan Şamilova və 1994-cü il təvəllüdlü Məcid Şamilov barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2014-cü il Səbail rayonu, Zərifə Əliyeva küçəsində saxlanılıblar. Yaxalanan şəxslərin üzərinə baxış keçirilərkən M.Şamilovdan 3,75 qram, R.İsmayılovadan isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Sumqayıt şəhər sakini, "oğru" aləmində "Qara Rəhilə" kimi tanınan R.İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir. O, sonuncu dəfə 2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. R.İsmayılova 2014-cü ilin may ayında azadlığa buraxılsa da, cəmi 3 ay azadlıqda qala bilib. R.İsmayılova əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən çox məhkum olunub. "Qara Rəhilə" və onunla birgə həbs olunan şəxslərin əməllərindən zərər çəkənlərin sayı 15 nəfərdir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (oğurluq, təkrar törədildikdə), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 180.2.5-ci (soyğunçuluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 326.2-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham olunublar.

M.Şamilova ilə N.Şamilova Məleykə Şamilovanın gəlini, M.Şamilov isə onun nəvəsidir. R.İsmayılova isə M.Şamilova ilə qudadır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsmayılova 4 il, M.Şamilov 4 il 4 ay, Məleykə Şamilova 6 il, N.Şamilova 7 il müddətinə azadlıdan məhrum edilib. Azadlıqda olan N.Şamilova məhkəmə zalında həbs edilib. Həbsdə olan Mətanət Şamilova isə azadlığa buraxılıb. O, 2 min manat cərimə olunub. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

Son xəbərlər

Orphus sistemi