Yuxarı

“Qara Rəhilə” kimi tanınan cibgirin və qohumlarının məhkəməsi keçirilib

Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova, 1952-ci il təvəllüdlü Məleykə Şamilova, 1970-ci il təvəllüdlü Mətanət Şamilova, 1973-cü il təvəlldülü Natəvan Şamilova və 1994-cü il təvəllüdlü Məcid Şamilovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər və şahidlər ifadə verib.

Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Səbail rayonu, Zərifə Əliyeva küçəsində saxlanılıblar. Yaxalanan şəxslərin üzərinə baxış keçirilərkən M.Şamilovdan 3,75 qram, R.İsmayılovadan isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Sumqayıt şəhər sakini, "oğru" aləmində "Qara Rəhilə" kimi tanınan R.İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir. O, sonuncu dəfə 2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. R.İsmayılova 2014-cü ilin may ayında azadlığa buraxılsa da, cəmisi 3 ay azadlıqda qala bilib. R.İsmayılova əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən çox məhkum olunub. "Qara Rəhilə" və onunla birgə həbs olunan şəxslərin əməllərindən zərər çəkənlərin sayı 15 nəfərdir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 180-ci (soyğunçuluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, M.Şamilova ilə N.Şamilova M.Şamilovanın gəlini, M.Şamilov isə onun nəvəsidir. R.İsmayılova isə M.Şamilova ilə qudadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi