Yuxarı
    Bağlamaq

    ​“Qaçqınkom” özünü yandıran məcburi köçkünü ittiham edib: “Məsuliyyətsiz hərəkətdir”

    “O, evini sataraq kirayə evə köçüb”

    Bakı. 29 iyul. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonundan olan məcburi köçkün Nəsirov Sahib İsmayıl oğlunun özünü yandırma hadisəsi ilə bağlı açıqlama yayıb. Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkənin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 90 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilib, 46 min ailə-230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var və Azərbaycan dövləti tərəfindən bu kateqoriyadan olanların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür: “Bu proses Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə davam etdirilir”.

    Komitədən bildirilib ki, ümumilikdə Bakı şəhərində 216 min nəfər məcburi köçkün yaşayır. Bunların əksəriyyəti tikintisi yarımçıq qalmış binalarda, sanatoryalarda, yataqxanalarda və digər obyektlərdə müvəqqəti olaraq məskunlaşmışlar. Həmin məcburi köçkünlərin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması Dövlət Proqramına əsasən mərhələli şəkildə həyata keçirilir: “Bütün bunlar barədə ölkənin kütləvi informasiya vasitələrində, müxtəlif televiziya kanallarında, “Dövlətqaçqınkom”un rəhbərliyinin qəbullarında məcburi köçkünlərə dəfələrlə məlumat verilməsinə baxmayaraq, çox təəssüflər olsun ki, bəziləri bu deyilənlərdən, xəbərdarlıqlardan nəticə çıxarmaq əvəzinə, mənzil əldə etmək üçün müxtəlif qeyri-qanunu yollara əl atırlar. Bu günlərdə Ağdam rayonundan olan məcburi köçkün Nəsirov Sahib İsmayıl oğlu içkili vəziyyətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna qələrək ona mənzil verilməsini tələb edib, lakin ona verilən heç bir izahatı dinləməyərək özünə yüngül yanıq xəsarətləri yetirib. Verilən məlumata görə, Sahib Nəsirov 4 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi-29 ünvanında özünə məxsus şəxsi evdə yaşayıb. 2015-ci ilin yanvar ayında həmin evi sataraq qonşuluqda kirayədə yaşayıb. Sahib Nəsirov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməyib. Onun bu cür məsuliyyətsiz hərəkəti isə dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğıya kölgə salmaqdan başqa bir şey deyil”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi