​Prokurorluq silahlı basqınlar törətməkdə təqsirləndirilən şəxs barəsində olan qərardan apellyasiya protesti verib

​Prokurorluq silahlı basqınlar törətməkdə təqsirləndirilən şəxs barəsində olan qərardan apellyasiya protesti verib Nizami Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
30 Aprel , 2016 09:30
​Prokurorluq silahlı basqınlar törətməkdə təqsirləndirilən şəxs barəsində olan qərardan apellyasiya protesti verib

Bakı. 30 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dövlət və özəl müəssisələrə silahlı basqınlar etməkdə təqsirləndirilən Murad Mirabdulla oğlu Seyidovun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair məhkəmə qərarından Baş Prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Baş Prokurorluğun apellyasiya protesti təmin edilməyib. Nizami Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, M.Seyidov 2008-2009-cu illərdə mütəşəkkil dəstənin tərkibində Bakı şəhərində yerləşən dövlət və özəl müəssisələrə basqınlar həyata keçirməkdə təqsirli bilinib. İttiham aktına əsasən, dəstə üzvləri odlu silahdan istifadə edərək Memarlıq və İnşaat Universitetində kafedra müdiri Nazim İbrahimova məxsus Binəqədi şosesi 4-cü mədən küçəsində yerləşən daş və boya istehsal edən sexin ofisinin gözətçisi Göyüş Nəzərovu bıçaqla hədələyərək əl-qolunu bağlayıblar. Onlar daha sonra içərisində 10 min ABŞ dolları və 30 min 500 manat olan seyfi götürərək hadisə yerindən qaçıblar.

Bundan başqa, mütəşəkkil dəstə “Parlaq-2” Mənzil-Tikinti Kombinatının mühafizəçisi Sadıx Məmmədova bıçaqla xəsarət yetirib, oradakı seyfi oğurlayıblar. Daha sonra həmin şəxslər “Murad Aqro” Quşçuluq Firmasına məxsus ofisin gözətçiləri Dünyamalı Rzayevin və Ramil Rzayevin əllərini bağlayaraq içərisində sənədlər olan 2 ədəd seyfi, habelə Ədliyyə Nazirliyinin 27 saylı Dövlət Notariat Kontorundan oğurluq ediblər. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri tutulublar.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.2-ci (quldurluq, təkrar törədildikdə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə ittiham olunublar.

2011-ci il yanvar ayının 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Seyidov, Ceyhun Əsgərov və Asif Allahverdiyevin hər biri 9 il, Pərviz Musayev 11 il, Fərid Əliyev 8 il 6 ay, Rəşad Qasımov 2 il, Taleh Paşayev 2 il və Rüfət Babayev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti və apellyasiya protesti veriblər. Bakı Apellyasiya Məhkəməsi P.Musayevə aid hissədə hökmü dəyişdirib. Belə ki, ona məcburi müalicə təyin edilib. Apellyasiya şikayətləri və apellyasiya protesti isə təmin edilməyib.

Xatırladaq ki, M.Seyidov məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin edib. Qərardan narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi