Yuxarı

Prokurorluq "Sahil" bağında qətl törədən şəxs barəsində olan hökmdən protest verib

İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq

Bakı. 13 fevral. REPORT.AZ/ Qətl törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanov barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 15-nə təyin edilib.

İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci ilin yanvar ayının 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən H.Həsənovun gəzdirdiyi it onun həyat yoldaşı və rəfiqələrinə hürməyə başlayıb. Buna hirslənən E.Çobanov H.Həsənovdan itini kənara çəkməsini istəyib. Tərəflər arasında mübahisə yaranıb və E.Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə H.Həsənova, daha sonra isə onun dostu O.Məmmədzadəyə zərbə endirib. Hadisədən sonra E.Çobanov oranı tərk edib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Ötən ilin dekabr ayının 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, prokurorluq isə apellyasiya protesti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi