Prokurorluq narkotikə görə bəraət alan şəxsin işindən Ali Məhkəməyə protest verib

Prokurorluq narkotikə görə bəraət alan şəxsin işindən Ali Məhkəməyə protest verib İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq
Hadisə
28 Noyabr , 2016 11:03
Prokurorluq narkotikə görə bəraət alan şəxsin işindən Ali Məhkəməyə protest verib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Namiq Əmircanovun barəsində olan hökmdən dövlət ittihamçısı kassasiya protesti verib.

"Report"un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas noyabrın 29-na təyin edilib.

İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, N.Əmircanov polis əməkdaşları tərəfindən 2014-cü ildə Səbail rayonu ərazisində, “Gəlin Qaya” restoranının qarşısında saxlanılıb. İttiham aktına əsasən, onun üzərinə baxış aparılarkən 9,5 kq marixuana aşkarlanıb. Həm istintaq zamanı, həm də məhkəmə prosesində N.Əmircanov narkotik maddənin ona məxsus olmadığını deyib. Məhkəmə araşdırması zamanı onun günahsız olması sübuta yetirilib.

Bu il fevral ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əmircanovun barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib.

N.Əmircanov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə ittiham olunub.

Bakı Apellyasiya Məhkəməsində, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, dövlət ittihamçısın apellyasiya protesti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi