Bakı. 9 may. REPORT.AZ/ Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Namiq Cavad oğlu Əmircanov barəsində olan bəraət hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası mayın 10-na təyin edilib.
İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, N.Əmircanov polis əməkdaşları tərəfindən 2014-cü ildə Səbail rayonu ərazisində, “Gəlin Qaya” restoranının qarşısında saxlanılıb. İttiham aktına əsasən, onun üzərinə baxış aparılarkən 9,5 kq marixuana aşkarlanıb. Həm istintaq zamanı, həm də məhkəmə prosesində N.Əmircanov narkotik maddənin ona məxsus olmadığını deyib. Məhkəmə araşdırması zamanı onun günahsız olması sübuta yetirilib.
Bu il fevral ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əmircanova bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
N.Əmircanov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə ittiham olunub.