Bakı. 26 dekabr. REPORT.AZ/ Baş Prokurorluğun əməkdaşları “Azadlıq” Radiosunun Bakı bürosunun ofisini möhürləyib. “Report”un xəbərinə görə, bu barədə radionun rəsmi “facebook” səhifəsində məlumat verilib.
Qeyd edək ki, bu gün Baş Prokurorluğun əməkdaşları ofisdə axtarışa başlayıblar. Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, axtarış Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən aparılır. Axtarış radionun əməkdaşı Xədicə İsmayılova barəsində açılmış cinayət işi ilə bağlı deyil. “Axtarış Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi ilə bağlıdır”.