Yuxarı

Prokurorluq: Ağdamda baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Mərhumun babası Rakif Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğu Ağdam rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. 

Prokurorluqdan "Report"a daxil olan məlumatda bildirilir ki, fevralın 7-də Mübariz Məmmədov Binəqədi Rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü, oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyi vurğulayıb. 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası Rakif Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq (eksqumasiya) ekspertizaya təqdim edilib.

R.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilməklə, zəruri istintaq tədbirləri davam etdirilir.               

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi