Prokuror "Sahil" bağında qətl törədən şəxsin barəsində olan hökmdən Ali Məhkəməyə müraciət edib

Prokuror "Sahil" bağında qətl törədən şəxsin barəsində olan hökmdən Ali Məhkəməyə müraciət edib İşə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq
Hadisə
21 Sentyabr , 2016 10:30
Prokuror Sahil bağında qətl törədən şəxsin barəsində olan hökmdən Ali Məhkəməyə müraciət edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Sahil" bağında qətl törətməkdə təqsirləndirilən Elçin Çobanovun barəsində olan hökmdən dövlət ittihamçısı kassasiya protesti verib.

Bu barədə “Report”a E.Çobanovun vəkili Ramil Əliyev bildirib.

Vəkilin sözlərinə görə, Ali Məhkəmədə keçiriləcək kassasiya protesti üzrə məhkəmə iclası oktyabrın 11-nə təyin edilib. İşə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci il yanvar ayının 6-da “Sahil” bağında baş verib. Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb.

Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən H.Həsənovun gəzdirdiyi it onun həyat yoldaşı və rəfiqələrinə hürməyə başlayıb. Buna hirslənən E.Çobanov H.Həsənovdan itini kənara çəkməsini istəyib. Tərəflər arasında mübahisə yaranıb və E.Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə H.Həsənova, daha sonra isə onun dostu O.Məmmədzadəyə zərbə endirib. Hadisədən sonra E.Çobanov oranı tərk edib. Bıçaq yarası alan H.Həsənov hadisə yerində dünyasını dəyişib.

E.Çobanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Ötən ilin dekabr ayının 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, prokurorluq isə apellyasiya protesti verib. Bakı Apellyaiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb.

Xatırladaq ki, fakt üzrə Səbail Rayon Polis İdarəsində O.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin hökmü ilə O.Məmmədzadə barəsində 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib. Qərardan narazı qalan O.Məmmədzadə apellyasiya şikayəti verib. Bakı Apellyaiya Məhkəməsi O.Məmmədzadənin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb.

Son xəbərlər

Orphus sistemi