Yuxarı

Prokuror rüşvət almaqda ittiham edilən AQTA vəzifəlilərinə cəza istəyib

​Prokuror rüşvət almaqda ittiham edilən AQTA vəzifəlilərinə cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rüşvət almaqda təqsirləndirilən əməkdaşları - Elvin Nağıyev və Araz Qazıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən şəxslərin hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən Elvin Nağıyevin vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxs ittihamları qəbul etmir və ittiham sübuta yetirilməyib. O, E.Nağıyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Təqsirləndirilən Araz Qazıyevin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 31-də davam edəcək.

İttihama görə, Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat alıb.

Həmçinin ittihamda onların eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаları da qeyd edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

E.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi