Prokuror keçmiş icra məmuruna cəza istəyib

Prokuror keçmiş icra məmuruna cəza istəyib Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
2 İyul , 2019 17:07
Prokuror keçmiş icra məmuruna cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Asif Məmmədovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Naibə Priyeva isə ona daha ağır cəza verilməsini tələb edib və təqsirləndirilənin ünvanına təhqiramiz ifadələr işlədib.

Asif Məmmədov da zərərçəkmiş barədə təhqiramiz ifadələr səsləndirib. Hakim tərəflərə xəbərdarlıq edib.

Asif Məmmədovun vəkili çıxış üçün məhkəmədən vaxt istədiyindən iyulun 9-dək fasilə elan edilib.

Qeyd edək ki, ittihama görə, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini versə də, əməl etməyib.

Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi