Yuxarı

​Prokuror dələduzluqda təqsirləndirilən şəxsə iş istəyib

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rzayev Ramşan Mahir oğlunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror R.Rzayevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, bu ilin avqust ayında Vergilər Nazirliyinin (VN) yaydığı məlumata görə, VN-in yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində həyata keçirilmiş tədbirlər nəticəsində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda təqsirləndirilərək həbs olunmuş mütəşəkkil cinayətkar dəstənin üzvləri ilə bağlı çoxepizodlu və mürəkkəb tərkibli cinayət işinin istintaqı tamamlanıb və ittiham aktı ilə məhkəməyə göndərilib.

İstintaq tədbirləri nəticəsində sübuta yetirilib ki, 7 iyul 2011-ci il tarixdən "Atrabank" ASC-nin Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Babayev Həsənağa Məmmədhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə, tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyn Yadulla oğlu, Kərimov Əlirza Abuzər oğlu və Cəfərov Səhadət Səməd oğlundan ibarət, Qazıyev Səbuhi Ağabala oğlu isə Rzayev Ramşan Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq, 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik edib. Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə külli miqdar təşkil edən 1.270.884.46 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb. İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla – ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib. Dövlətə vurulmuş ziyandan 190.550 manatı ödətdirilib, 363.987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Daha sonra təqsirləndirilən R.Rzayev barəsində ev dustaqlığı qərarı verilib. Onun haqqında seçilən ev dustaqlığı qərarının müddəti başa çatıb. Məlum olub ki, R.Rzayev 2013-cü ildə Emil Nəzərov adlı şəxsdən ferma düzəltmək adı ilə 9 min manat pul alıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.3.3-cü (dələduzluq, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi