Bakı. 20 sentaybr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında S.Məmmədovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, S.Məmmədova Böyükxanım Əkbərovanın evindən 160 min manata yaxın qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunur. Hadisədən sonra zərərçəkmiş dünyasını dəyişib. Təqsirləndirilən şəxs onun evində qulluqçu kimi fəaliyyət göstərib.
Hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
S.Məmmədova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, oğurluq hadisəsi baş vermiş evin sahibi, mərhum B.Əkbərova Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin anasıdır.