Prokuror Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslərə cəza istəyib Məhkəmənin növbəti iclası avqustun 27-nə təyin edilib
Hadisə
18 Avqust , 2016 11:16
Prokuror Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslərə cəza istəyib

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etçəkdə təqsirləndirilən Fuad Şükürov, Elnur Şükürov, Elman Əhmədov və Adil Lətifovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror F.Şükürovun 12 il, E.Şükürovla A.Lətifovun hər birinin 11 il və E.Əhmədovun isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə Biləcəri qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla "Nissan" markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər.

Bununla bağlı daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini E.Əhmədov, Salyan şəhər sakini F.Şükürov və E.Şükürov, həmçinin paytaxt sakini A.Lətifov tutulub.

Həmin şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi