Prokuror atası avtomobillə vurularaq öldürülən jurnalistin şikayətinin təmin edilməsini istəyib

Prokuror atası avtomobillə vurularaq öldürülən jurnalistin şikayətinin təmin edilməsini istəyib Məhkəmə iclası aprelin 3-də davam etdiriləcək
Hadisə
2 Aprel , 2018 17:52
Prokuror atası avtomobillə vurularaq öldürülən jurnalistin şikayətinin təmin edilməsini istəyib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakıda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində olan hökmdən Qarabağ müharibəsi veteranı, mərhum Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin verdiyi apellyasiya şikayəti və təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O, Nərimanov Rayon Məhkəməsinin təqsirləndirilən S.Qarayevlə bağlı çıxardığı qərardan narazı olduğunu bildirib. Vəkil hökmün dəyişdirilməsini və mülki iddianın təmin edilməməsini istəyib.

Daha sonra zərərçəkmişin hüquqi varisi, mülki iddiaçı İmdad Əlizadə çıxış edib. O qeyd edib ki, mərhum atası Əli Əliyevin komada olduğu 504 gün ərzində müalicəyə xərclənən və dəfn üçün sərf olunan 151 min manat vəsaitin yalnız 4 min manatını təqsirləndirilən şəxs ödəyib: "Bundan başqa, 504 gün davam edən koma və ondan sonra baş verənlər ailəmizin bütün həyat ritmini pozub. Bunun günahkarı da Seymur Qarayevdir. Amma mən bu şəxsə qarşı cəmi 15 min manat mənəvi təzminat iddiası qaldırmışam. Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədov Seymur Qarayevin ödədiyi 4 min manatı bizə dəymiş 151 min manatlıq maddi zərərin qismən ödənilməsi kimi təqdim edir. 4 min manat nə vaxtdan 151 min manatın qismən hissəsi sayılır? Bundan başqa, hakim Samir Məmmədov hesab edir ki, atamın 504 gün komada qalması, bizim hər gün xəstəxanaya gedib-gəlməyəyimiz, bütün qohum-əqrəba, dost-tanışın atamın sağalması üçün səfərbər olması, amma sonda dünyasını dəyişməsinə baxmayaraq, bizə cəmi 3 min manat mənəvi zərər dəyib. Birinci instansiya məhkəməsinin qərarı yalnız əsassız deyil, eyni zamanda qeyri-etikdir".

İ.Əlizada söyləyib ki, atası "Semaşko" xəstəxanasından özəl xəstəxanaya həkimlərin məsləhəti əsasında köçürülüb və təqsirləndirilən şəxs özəl xəstəxanada Ə.Əliyevin müalicəsinə kömək edəcəyi vədini versə də, sonradan bundan boyun qaçırıb: "Bütün bunları nəzərə alaraq Nərimanov Rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Seymur Qarayevə ittiham olunduğu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ən ağır cəzanın verilməsini və mülki iddiamın tam təmin edilməsini istəyirəm".

Daha sonra, prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi İ.Əlizadənin nümayəndəsi, vəkil Abil Bayramov çıxış edib. O, birinci isntansiya məhkəməsinin çıxardığı hökmün ədəalətsiz olduğunu vurğulayıb. Vəkil təqsirləndirilən şəxsin apellyasiya şikayətinin təmin olunmamasını tələb edib. Həmçinin A.Bayramov zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin apellyasiya şikayətinin, mülki iddianın və mənəvi təzminatla bağlı hissənin təmin edilməsini istəyib: "Birinci instansiya məhkəməsinin hökmü işin faktiki hallarına və təyin edilən cəza cinayətin ağırlığına uyğun deyil. Hökm maddi və prosesual hüquq normaların pozuntusu ilə çıxarılıb. Nərimanov Rayon Məhkəməsi zərərçəkmiş şəxsin hüquqi varisinin bütün vəsatətlərini heç bir əsas olmadan rədd edib, amma niyə rədd etdiyini əsaslandırmayıb".

Dövlət ittihamçısı çıxışında bildirib ki, təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsassızdır və təmin edilməsin. Prokuror qeyd edib ki, zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiasının maddi zərərlə bağlı hissəsi tam təmin edilsin və mənəvi təzminatla bağlı hissə isə dəyişdirilmədən saxlanılsın.

Məhkəmə iclası aprelin 3-də davam etdiriləcək və həmin gün qərarın elan olunması gözlənilir.

Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.

Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir (ümumilikdə, 166 min 531 manatı).

Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Hökm apellyasiya şikayəti başa çatandan sonra qüvvəyə minəcək.

Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.

Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyir. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edir.

Ə.Əliyev tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.

Son xəbərlər

Orphus sistemi