Prokuror Allaha üsyan etdiyinə görə dostunu öldürən şəxsin hökmündən protest verib

Prokuror Allaha üsyan etdiyinə görə dostunu öldürən şəxsin hökmündən protest verib Apellyasiya protesti hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılacaq
Hadisə
9 İyun , 2018 10:18
Prokuror Allaha üsyan etdiyinə görə dostunu öldürən şəxsin hökmündən protest verib

Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 13-nə təyin edilib.

Apellyasiya protesti hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini, 31 yaşlı Vüqar Əbdülhəmid oğlu Həsənov Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə üsyan etməsi olub.

Belə ki, E.Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. V.Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib. E.Məmmədov oğlunun ölməsinə üzüldüyünü deyib və buna görə də Allahı və peyğəmbəri günahkar bilib, üsyan edib.

Daha sonra dostu V.Həsənov Allahı və peyğəmbərə üsyan etdiyi üçün ona etiraz edib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Onlar mübahisəni yas mərasimindən kənarda etməyə başlayıblar.

Mübahisə qanlı sonluqla nəticələnib. Onlar əvvəl bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.

Ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb olunub, müayinələr aparılıb.

Hər iki şəxs eyni məhəllədə yaşayıb və yaxın dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsi V.Həsənovun qətli özünümüdafiə məqsədi ilə törətdiyi qənaətinə gələrək, onun barəsində bəraət hökmü çıxarıb. O, Cinayət Məcəlləsinin qanunsuz silah saxlama maddəsi ilə günahkar bilinərək, 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi