​Porkurorluğun bəraət alan şəxs barəsində verdiyi protest üzrə məhkəmə başlayıb

​Porkurorluğun bəraət alan şəxs barəsində verdiyi protest üzrə məhkəmə başlayıb Məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib
Hadisə
12 May , 2016 09:10
​Porkurorluğun bəraət alan şəxs barəsində verdiyi protest üzrə məhkəmə başlayıb

Bakı. 12 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Namiq Cavad oğlu Əmircanov barəsində olan bəraət hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, N.Əmircanov polis əməkdaşları tərəfindən 2014-cü ildə Səbail rayonu ərazisində, “Gəlin Qaya” restoranının qarşısında saxlanılıb. İttiham aktına əsasən, onun üzərinə baxış aparılarkən 9,5 kq marixuana aşkarlanıb. Həm istintaq zamanı, həm də məhkəmə prosesində N.Əmircanov narkotik maddənin ona məxsus olmadığını deyib. Məhkəmə araşdırması zamanı onun günahsız olması sübuta yetirilib.

Bu il fevral ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əmircanov barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

N.Əmircanov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi