Polis mayorunun ölümünə səbəb olan sürücünün şikayəti əsasında məhkəmə başlayıb

Polis mayorunun ölümünə səbəb olan sürücünün şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib
Hadisə
14 Oktyabr , 2017 15:23
Polis mayorunun ölümünə səbəb olan sürücünün şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Samir Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Gəndob-Yalama yolunun 29-cu km-də qeydə alınıb. Xudat istiqamətində hərəkət edən 40-BE-882 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil əks istiqamətdə gələn 99-KF-374 dövlət nömrə nişanlı “VAZ-21015” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində dünyasını dəyişənlərdən biri - Xaçmaz rayonu, Müşkür kənd sakini, Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor Məmmədov Cəfər Abbas oğlu, digəri isə Ağdam rayon sakini Yarəliyev Allahverən Zülfüqar oğlu olub.

Qəza zamanı “VAZ-21015”də olan sərnişinlər - Masallı rayonu, Ərkivan kənd sakinəri, 28 yaşlı Cavid və 34 yaşlı Samir Cəfərov qardaşları müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

İstintaq dövründə S.Cəfərov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

İki uşaq atası olan S.Cəfərov həm də ikinci qrup əlildir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cəfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və S.Cəfərov məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi