Polis Akademiyasının bu ilki məzunları polis sistemində vəzifələrə təyin olunublar

Polis Akademiyasının bu ilki məzunları polis sistemində vəzifələrə təyin olunublar Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirən 3 nəfər müstəntiq vəzifələrinə təyin edilib
Hadisə
24 Avqust , 2016 15:50
Polis Akademiyasının bu ilki məzunları polis sistemində vəzifələrə təyin olunublar

Bakı. 24 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyində (DİN) ötən tədris ilində Polis Akademiyasının əyani şöbəsi məzunlarının Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində vakant olan zabit vəzifələrinə təyin olunmaları münasibətilə tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq təyinatın şəffaf şəkildə, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirib, bu üsulun son illər artıq ənənəyə çevrildiyini vurğulayıb. O qeyd edib ki, Polis Akademiyasını bitirmiş məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.

DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 53 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.

Yeri gəlmişkən, Polis Akademiyasını fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş 8 məzundan 3-ü nazirliyin Baş Təşkilati-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Polis Akademiyasına, 3 nəfər isə müstəntiq vəzifələrinə təyin edilib.

Tədbirə yekun vuran general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri-orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə gənc əməkdaşları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb.

Nazir məmnunluqla xatırladıb ki, istər ümummili lider Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev ölkənin gələcəyinin intellektli, sağlam təfəkkürlü, geniş dünyagörüşlü, dərin bilikli, mükəmməl təhsil almış dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu çıxış və nitqlərində dəfələrlə vurğulayıb. O deyib ki, belə yüksək mənəvi keyfiyyətlərə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkənin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün bütün zəruri addımlar atılır. R.Usubov bu istiqamətdə ulu öndərin və dövlət başçısının müdrik tövsiyələrinin və göstərişlərinin layiqincə yerinə yetirildiyini, gənclərə dövlət qayğısının davamlılığını xüsusi qeyd edib.

Nazir onu da vurğulayıb ki, Prezident İlham Əliyev daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində daxili işlər orqanları elmi-texniki tərəqqinin ən son nailiyyətləri olan zəruri avadanlıq və texnika ilə təchiz edilib, eyni zamanda, ölkədə gedən ümumi inkişaf proseslərinin nəticəsi olaraq, şəxsi heyətin iş şəraiti daha da yaxşılaşıb.

Gələcək fəaliyyətlərində gənc əməkdaşlara uğurlar arzulayan, ekstremal hallarda müstəqil qərar qəbul edə bilmələrini, bilik və təcrübələrini artırmalarını, daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyyə edən daxili işlər naziri Ramil Usubov əmin olduğunu bildirib ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, polis andına sadiq olacaq, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edəcəklər.

Gənc zabitlər adından çıxış edən polis leytenantı İlkin Mehdiyev göstərilən xüsusi diqqətə, qayğıya və yüksək etimada görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib, öz fəaliyyətləri ilə göstərilən yüksək etimadı doğruldacaqlarını əmin edib.

Püşkatmada iştirak etmiş məzunlar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta rəis heyəti vəzifələrinə təyin olunublar.

Son xəbərlər

Orphus sistemi