Yuxarı
    Bağlamaq

    Piyadanı vurub qaçmış sürücü bir ay sonra həbs edilib - RƏSMİ

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

    Bakı. 4 noyabr. REPORT.AZ/ Abşeron Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulub.

    Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, 2016-ci il sentyabrın 26-da, saat 21 radələrində naməlum sürücü idarə etdiyi "QAZ-31029" markalı, 10-XH-453 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada - Əliyeva Elnarə Əlisəttar qızını vuraraq hadisə yerindən qaçması və sonuncunun çoxsaylı bədən xəsarətləri alması faktlarına görə rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin 1979-cu il təvəllüdlü, Sumqayıt şəhər sakini Quliyev Ramin Bahadur oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

    R.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi