​Penitensiar Xidmətin rəhbərliyi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıq verib

​Penitensiar Xidmətin rəhbərliyi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıq verib PX-nin Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib
Hadisə
30 May , 2015 11:05
​Penitensiar Xidmətin rəhbərliyi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıq verib

Bakı. 30 may. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib. Bu barədə “Report”a Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Penitensiar xidmətin fəaliyyətinin bütün sahələrini əhatə edən müşavirədə xidmətin və tabe qurumların rəhbər əməkdaşları iştirak ediblər.

Rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov müşavirədə çıxış edib. O, ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun müxtəlif xidmət sahələrindəki nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üzrə tapşırıqlarına uyğun xüsusi tədbirlər planının təsdiq edilərək nəzarətə götürüldüyünü və bugünkü müşavirənin həmin planının yerinə yetirilməsi vəziyyətinə həsr olunduğunu bildirib.

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov, rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən, ədliyyə polkovniki Rafiq Ramazanov rəhbərlik etdikləri sahələr üzrə tədbirlər planına uyğun görülən işlər, eləcə də 2015-ci ilin cari dövrü ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Bir sıra cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının məsul əməkdaşları çıxış edərək 2014-cü ildəki fəaliyyətinin yekunlarına dair iclasda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərin davam etdirildiyini bildiriblər.

Müşavirədə iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının mahiyyəti və müstəsna əhəmiyyəti şəxsi heyətin nəzərinə çatdırılıb. Azərbaycan paytaxtının ilk Avropa Oyunlarının keçiriləcəyi məkan kimi seçilməsinə aparan yol, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə görülmüş işlər bir daha qeyd edilib. Avropa Oyunları ərəfəsində və Oyunların keçiriləcəyi günlərdə hər bir əməkdaşın üzərinə düşən vəzifələri müəyyənləşdirən qaydalar səsləndirilib və bu qaydalara əməl edilməsinin zəruriliyi vurğulanıb.

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov 2014-cü ildəki fəaliyyətinin yekunlarına dair müşavirədən keçən dövr ərzində görülən işləri ümumən təqdirəlayiq hesab etdiyini bildirərək, hələ də müşahidə olunan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün xidmət rəhbərliyinin müvafiq tapşırıqlarını nəzərə çatdırıb və hər bir əməkdaşın öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi