Özünü FHN əməkdaşı kimi təqdim edərək zəlzələdən ziyan çəkən vətəndaşlardan pul yığan şəxs tutulub - FOTO

Özünü FHN əməkdaşı kimi təqdim edərək zəlzələdən ziyan çəkən vətəndaşlardan pul yığan şəxs tutulub - FOTO Onun əməllərindən ziyan çəkmiş Qax, Zaqatala, Balakən rayon sakinlərindən polis şöbəsinə müraciət etmələri xahiş olunur
Hadisə
14 Mart , 2016 14:14
Özünü FHN əməkdaşı kimi təqdim edərək zəlzələdən ziyan çəkən vətəndaşlardan pul yığan şəxs tutulub - FOTO

Bakı. 14 mart. REPORT.AZ/ Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi təqdim edərək, dələduzluq yolu ilə Qax, Zaqatala və Balakən rayon sakinlərinin külli miqdarda vəsaitini mənimsəyən Adıgözəlov Toğrul Rza oğlu saxlanılıb.

Bu barədə “Report”a Zaqatala RPŞ-dən məlumat verilib.

Məlumata görə, ötən ilin dekabr ayında Zaqatala rayonunun bir qrup sakini Zaqatala RPŞ-yə müraciət edərək həmin şəxs tərəfindən aldadıldıqlarını, pullarının mənimsənildiyini bildiriblər. Zərərçəkmişlərin sözlərinə görə, özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edən Toğrul Adıgözəlov “komissiya üzvü” olduğunu deyərək, onların 2012-ci ilin may ayında baş verən zəlzələ zamanı zərər görmüş evlərinin tikiləcəyinə söz verərək külli miqdarda pullarını mənimsəyib.

1966-cı il təvəllüdlü T.Adıgözəlov Naxçıvan Muxtar Respublikasında anadan olub. O, tutulana qədər Bakı şəhərində yaşayıb.

Zaqatala RPŞ-nin Bakı şəhərində həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Adıgözəlov Toğrul Rza oğlu tutularaq istintaqa cəlb edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Toğrul Adıgözəlovun Qax rayonundan 22 nəfərin, Zaqatala rayonundan isə 17 nəfərin hər birindən 1500-8000 manat aralığında pullarını dələduzluq yolu ilə mənimsədiyi məlum olub.

Adıgözəlov Toğrul Rza oğlu tərəfindən aldadılaraq ziyan çəkmiş Qax, Zaqatala, Balakən rayon sakinlərindən Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi