​Özünü Elnur Məmmədli kimi təqdim etməklə quldurluq törədən idmançının apellyasiya şikayəti təmin edilməyib

​Özünü Elnur Məmmədli kimi təqdim etməklə quldurluq törədən idmançının apellyasiya şikayəti təmin edilməyib Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
25 Dekabr , 2015 10:47
​Özünü Elnur Məmmədli kimi təqdim etməklə quldurluq törədən idmançının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Əfsanə Hüseynova, onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan Məmmədəli Hacıyev və Rusiya Federasiyası vətəndaşı Gülhüseyn Sadıqovun barələrindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti üzrə qərar elan olunub.  Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, adıçəkilən şəxslər bu ilin mart ayında Bakıda quldurluqla məşğul olduqlarına görə həbs olunublar. Əməliyyat zamanı 1990-cı il təvəllüdlü Hüseynova Əfsanə Fəxrəddin qızı, onunla qeyri-rəsmi nikah münasibətlərində olan 1989-cu il təvəllüdlü Hacıyev Məmmədəli Ədalət oğlu və Rusiya Federasiyası vətəndaşı, 1984-cü il təvəllüdlü Sadıqov Gülhüseyn Sakit oğlu saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ə.Hüseynova əvvəlcədən qurulan plana əsasən metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar M.Hacıyevin hücumuna məruz qalıb. M.Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb. İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan G.Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub.

M.Hacıyev kikboks idman növü ilə məşğul olur. O, zərərçəkənlərə zor tətbiq edən vaxt özünü cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib.

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Hüseynova 8 il 6 ay, M.Hacıyev 10 il 6 ay və G.Sadıqov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi