Bakı. 17 yanvar. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Sarıyev və Orxan Cəfərovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onların 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti cəza ilə əvəz edilib. A.Sarıyev və O.Cəfərov məhkəmə zalından azadlığa buraxılıblar.
İttiham aktına əsasən, O.Cəfərov vətəndaşların etibardan sui-istifadə etmə və aldatma yolu ilə onların əmlaklarını ələ keçirmək məqsədi ilə qohumu A.Sarıyevlə qabaqcadan əlbir olub, bir qrup şəxs halında dələduzluq edib.
Belə ki, O.Cəfərov A.Sarıyevin təklifi ilə 2015-ci ilin aprel ayının əvvəllərində zərərçəkmiş Vüqar Allahverdiyevə özünü Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") əməkdaşı kimi təqdim edib. Onlar zərərçəkmişə 30 min manat pulun müqabilində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aid Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində inşa ediləcək evlərdən üç otaqlı mənzillə təmin edəcəyini vəd ediblər.
Bundan başqa, hər iki şəxs digər zərərçəkmişləri də eyni yolla aldadaraq, onların pullarını dələduzluq yolu ilə mənimsəyiblər. O.Cəfərov və A.Sarıyev vətəndaşlar - Ələddin Şamıyevin 8 min, Hikmət Əliyevin 18 min, Elmar Yusifovun 10 min, Sadiq Mamedovun 22 min və Ramil Abdullazadənin isə 5 min manat pulunu alıb, lakin sonradan təqsirləndirilən şəxslər vədlərinə əməl etməyiblər. Hüquq-mühafizə orqanlarının şikayəti əsasında saxlanılan hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Cəfərov və A.Sarıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.