Özəl klinikalardan oğurluq edən şəxsin məhkəməsi başlayır

Özəl klinikalardan oğurluq edən şəxsin məhkəməsi başlayır Bakıda özəl klinikalardan oğurluq etməkdə təqsirləndirilən Sadiq Həsənovun barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.
Hadisə
10 İyun , 2019 16:43
Özəl klinikalardan oğurluq edən şəxsin məhkəməsi başlayır

Bakıda özəl klinikalardan oğurluq etməkdə təqsirləndirilən Sadiq Həsənovun barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report" xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində istintaqı aparılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatına verilən işlə bağlı hazırlıq iclası iyunun 20-ə təyin edilib.

S.Həsənov bu ilin fevrala ayında Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Nərimanov rayonu, Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Ergün Rəşidəlizadə bölməyə ərizə ilə müraciət edərək bildirib ki, çalışdığı müəssisədəki kabinetindən “İphone 6” və “İphone 7” markalı mobil telefonları naməlum şəxs tərəfindən oğurlanıb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanılıb.

Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə S.Həsənovun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus “Samsung Edge 7”, “İphone X” kimi 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə klinikalara pasient kimi müraciət edib. Daha sonra o, həkim və tibbi personala məxsus otaqları gəzərək boş kabinetlərdə olan qiymətli əşyaları oğurlayıb. Saxlanılan şəxsin oğurladığı mobil telefonları dəyər-dəyməzinə satdığı məlum olub.

Qeyd edək ki, S.Həsənovun klinikalardan etdiyi oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

İş üzrə 11 nəfər zərərçəkmiş kimi tanınıb. Onlardan 8 nəfəri qadındır.

S.Həsənova Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq - təkrar törədildikdə) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi