Ötən il gömrük orqanları tərəfindən 8819 hüquqpozma faktı aşkar edilib

Ötən il gömrük orqanları tərəfindən 8819 hüquqpozma faktı aşkar edilib Bu faktlardan 703-ü cinayət xarakterli olub, 764 nəfər barəsində tədbir görülüb
Hadisə
30 Yanvar , 2018 02:13
Ötən il gömrük orqanları tərəfindən 8819 hüquqpozma faktı aşkar edilib

Bakı. 30 yanvar. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 8819 hüquqpozma faktı aşkar edilib.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində qeyd edib.

"2017-ci ildə hüquqpozma faktlarından 703-ü cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 8 milyon 320 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 764 nəfərin (611 Azərbaycan vətəndaşı, 153 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb", - deyə komitə sədri bildirib.

Onun sözlərinə görə, gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2017-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub:

"Bu faktlar üzrə ümumilikdə 2 ton 714 kq 962 qram narkotik vasitələr və onların xammalı, psixotrop maddələr və onların hazırlanmasında istifadə olunan prekursorlar: 100 kq 517 qram heroin, 13 kq 714 qram həşiş, 20 kq 248 qram marixuana, 83,502 qram metadon, 16 kq 675 qram tiryək, 1,8 qram brotizolam, 0,2 qram fenazepam, 12,81 qram MDMA, 0,34 qram metilendioksiamfetamin, 3 qram zolpidem, 5,727 qram alprazolam, 19,85 qram diazepam, 130 qram fenobarbital, 12,525 qram klonazepam, 970 qram metamfetamin, 7,5 qram xlordiazepoksid, 5 kq 516 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb. 2017-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 232 nəfər: 197-si kişi və 35-i qadın olmaqla 180 nəfər Azərbaycan vətəndaşı və 52 nəfər əcnəbi (39 İran, 5 Rusiya, 2 Türkiyə, 3 Gürcüstan, 1 Qazaxıstan, 1 Hindistan və 1 Əfqanıstan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 16 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər".

Aydın Əliyev bildirib ki, 2017-ci il ərzində 56 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.

"2017-ci il ərzində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunmuş 8116 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 199 hüquqi şəxs (o cümlədən 70 xarici hüquqi şəxs) və 7924 fiziki şəxs (o cümlədən 3853 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 603 manat cərimə tətbiq olunmaqla, dəyəri 212 min 468 manat olan mallar müsadirə edilib. “Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1599205 ABŞ dolları, 152685 avro, 5000 funt sterlinq, 22.241.884 rus rublu, 64677 Azərbaycan manatı, 806610 manat dəyərində 14073 qram qızıl, 239853 manat dəyərində 397 ədəd zinət əşyaları, 68398 manat dəyərində 49045 qram gümüş, 150346 manat dəyərində 185,12 karat qiymətli daşlar aşkar olunub. Bundan əlavə, hesabat dövründə gömrük orqanları tərəfindən 16310 qram civə, 301200 manat dəyərində 300400 ədəd CİTES obyekti olan tibb zəlisi, 1 ədəd əl qumbarası, 120390 manat dəyərində dərman vasitələri, 1292 manat dəyərində baytarlıq dərmanları, 2912 manat dəyərində bitki dərmanları, 22 ədəd elektroşoker, 2570 ədəd mobil telefon və 3382 ədəd mobil telefonların aksesuarları, 590026 manat dəyərində 119105 ədəd məişət texnikası və əşyaları, 55 ədəd odlu silahın patronu, 3 ədəd ov silahı, 967 ədəd ov silahının sursat və ləvazimatları, 41645 qram partlayıcı maddələr, 1314250 ədəd pirotexniki məmulatlar, 12 ədəd pnevmatik silah və 1400 ədəd pnevmatik silahın patronları, 3 ədəd qaz silahı, 90 ədəd soyuq silahlar, 64 ədəd səs-siqnal patronları, 12 ədəd zirehli texnikanın periskopu, 135309 manat dəyərində 11981 ədəd tibb ləvazimatları, 117635 manat dəyərində 6285 ədəd parfümeriya və kosmetika və külli miqdarda digər mallar tutulub".

Qeyd olunur ki, 2017-ci il ərzində gömrük orqanları tərəfindən saxta və ya keyfiyyətsiz mallarla mübarizə sahəsində 4 top və 13000 ədəd ofset üsulu ilə çap edilmiş müxtəlif əmtəə nişanlarının etketləri aşkar edilərək hüquqpozmanın predmeti kimi götürülüb və toplanmış materiallar qanunvericiliyə uyğun qaydada tədbir görulməsindən ötrü məhkəmə orqanlarına göndərilib. Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş qətiyyətli tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 534536 manat dəyərində 5687445 ədəd xaricdə istehsal olunan siqaretlər, 19051 manat dəyərində 1593 litr spirtli içkilər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi