Bakı. 16 yanvar. REPORT.AZ/ Balakəndə evə quldurluq məqsədilə girən 4 şəxsdən ikisi tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 2015-ci il noyabrın 18-də Balakən rayonunun Talalar kəndində yaşayan Xəlifə Yolçuyevin evinə açıq qalan qapıdan girən şəxsiyyəti məlum olmayan 4 nəfər (onlardan 3-ü maskada olub) onu və ailə üzvlərini bıçaqla hədələyərək pul vermələrini tələb edib, pul olmadığı bildirildiyindən oradan 1 ədəd mobil telefon və açar götürərək hadisə yerini tərk ediblər.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qullar kənd sakini Mübariz Yetimov və Bakı şəhər sakini Güləli Abdullayev tutulub, digərlərinin isə şəxsiyyəti müəyyən edilib.