Yuxarı

​Ötən il Azərbaycanda tutulanların sayı açıqlanıb

Bütövlükdə axtarılan şəxslərin 67,7 faizi tutulub

Bakı. 27 yanvar. REPORT.AZ/ "Ötən il Azərbaycanda törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 6,5 faiz yaxşılaşaraq istintaqdan və məhkəmələrdən yayınan 2193 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 73 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarılan şəxslərin 67,7 faizi tutulub".

"Report"un məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Daxili İşlər Nazirliyində 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı bildirib.

O deyib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 24 607 cinayət qeydə alınıb: "Onların 91 faizini və ya 22 297-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması da müsbət nəticələr verib və 2013-cü illə müqayisədə 46,5 faiz çox və ya 416, o cümlədən 69,5 faiz çox, yaxud 104 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. Əməliyyat planlarının vaxtında tətbiqi və “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlərlə 1 223 cinayət “isti izlər"lə açılıb".

Nazir qeyd edib ki, cinayətlərin profilaktikasında, açılmasında, zərər çəkmiş şəxslərin hüquqlarının, həyat və sağlamlığının müdafiəsində müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub: "Təkcə “102” xidmətinə daxil olan məlumatlar üzrə görülmüş çevik cavab tədbirləri ilə müqayisə edilən dövrə nisbətdə 47 faiz çox və ya 11.706 hüquqazidd əməlin qarşısı alınıb. “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 269 cinayət açılıb, 12.771 yol-nəqliyyat hadisəsi və piyadaların vurulması faktı aşkarlanıb, axtarışda olan 139 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 600 minə yaxın sorğu cavablandırılıb. Respublika üzrə daha 260 nöqtədə 1167 kamera quraşdırılaraq müvafiq texniki vasitələrin sayı 2039 nöqtə üzrə 8085 vahidə çatdırılıb (Bakı şəhərində 1356 nöqtədə 4224). Bütövlükdə cinayətlərin açılması yüksək olmaqla 80,7 faiz təşkil edib".

Onun sözlərinə görə, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də sistemli xarakter daşıyıb: "Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayət törətmiş 2212 nəfəri birləşdirən 845 cinayətkar qrup zərərsizləşdirilib. Aşkarlanmış qanunsuz odlu silah saxlama və daşıma faktları da 23 faiz çox olmaqla 167 şəxs cinayət məsuliyyətinə cəlb edilib, odlu silahla törədilən cinayətlərin sayı sabit qalıb. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 80 faiz çox, yəni 45 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 117 min manat, 35.000 ABŞ dolları və 307.500 rubl olan saxta əskinas, habelə istifadə müddəti ötmüş 300 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb".

R.Usubov deyib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olub: "Narkotiklərlə əlaqədar 3046 cinayət, o cümlədən satışı ilə bağlı 801 fakt aşkarlanıb, 150 nəfərdən ibarət 58 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 2013-cü illə müqayisədə 9 faiz çox, bütövlükdə, 673 kq narkotik vasitə çıxarılıb, həmçinin 16 faiz çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən 212 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə 21 faiz çox və ya 97 cinayət faktı müəyyənləşdirilərək 19 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib".

Nazir vurğulayıb ki, ötən il daxili işlər orqanları müstəntiqlərinin icraatında 23 847 cinayət işi olub: "İstintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı isə 5,4 faiz artıb. Dəymiş maddi ziyanın ödətdirilməsi 5 faiz yaxşılaşaraq 78,2 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş cinayət xarakterli məlumatın 87 faizi təhqiqatçılar tərəfindən araşdırılıb, onların da 54,2 faizi məhkəmələrə göndərilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi