Ötən il Azərbaycanda iki bələdiyyə sədri həbs olunub, bir neçə bələdiyyə ilə bağlı cinayət işinin istintaqı davam edir - SİYAHI

Ötən il Azərbaycanda iki bələdiyyə sədri həbs olunub, bir neçə bələdiyyə ilə bağlı cinayət işinin istintaqı davam edir - SİYAHI Başlanılan cinayət işləri əsasən mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır
Hadisə
8 Fevral , 2016 15:08
Ötən il Azərbaycanda iki bələdiyyə sədri həbs olunub, bir neçə bələdiyyə ilə bağlı cinayət işinin istintaqı davam edir - SİYAHI

Bakı. 8 fevral. REPORT.AZ/ Ötən il Azərbaycanda iki bələdiyyə sədri həbs olunub, bir neçə bələdiyyə ilə bağlı cinayət işinin istintaqı davam edir.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə) məruzə"də qeyd olunub.

Hesabata əsasən, Balakən rayonu, Balakən bələdiyyəsində bələdiyyə büdcəsinə ödənilən maliyyə vəsaitinin maliyyə hesabatlarında göstərilməməsi, bələdiyyə mülkiyyətinə aid olmayan torpaq sahələrinin satılması, vətəndaşlardan torpaq satışına görə ödənilməli olan pul vəsaitlərinin bələdiyyə büdcəsinə mədaxil edilməməsi faktlarına görə Cinayət Məcəlləsinin dələduzluq və vəzifə səlahiyyətlərinini aşma (178.3.2 və 309.1) maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanaraq məhkəmənin hökmü ilə bələdiyyə sədri məhkum edilib.

2015-ci ildə Neftçala rayonu Xol Qarabucaq bələdiyyə sədrinin bələdiyyə əmlakını mənimsəmə yolu ilə talan edilməsi və bələdiyyənin rəsmi sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edilməsi faktları üzrə Cinayət Məcəlləsinin mənimsəmə və vəzifə saxtakarlığı (179.2.2 və 313) maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanaraq məhkəmənin hökmü ilə bələdiyyə sədri məhkum edilib.

Hesabatda bildirilib ki, Şəmkir rayonu Təzəkənd bələdiyyəsində külli miqdarda maliyyə vəsaitinin bələdiyyə iclasının qərarı olmadan xərclənməsi, maliyyə vəsaitinin sənədləşmə aparılmadan silinməsi, bundan başqa, bələdiyyə mülkiyyətində olan 2,59 ha torpaq sahəsinin 38 nəfər vətəndaşa iclas qərarı olmadan təkbaşına ayrılması nəticəsində bələdiyyə mülkiyyətindən qanunsuz çıxarılması, həmçinin, sonuncu torpaq hərracındakı satış qiymətindən aşağı satılmaqla bələdiyyə büdcəsinə mühüm ziyan vurulması faktları üzrə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddəsi ilə başlanan cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.

Sənəddə qeyd olunub ki, ötən il Ağdaş rayonu keçmiş Binələr bələdiyyə sədrinin qanunsuz fəaliyyəti nəticəsində bələdiyyə büdcəsinə mühüm ziyan vurulması, maliyyə vəsaitinin qanunsuz silinməsi, həmçinin hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq torpaq sahəsinin icarəyə verilməsi faktları üzrə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.2.4) maddəsi ilə cinayət işi başlanıb.

Bundan başqa, 2015-ci ildə Zərdab rayonu Çallı bələdiyyəsinin keçmiş sədrinin qanunsuz olaraq kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə satılması, maliyyə-təsərrüfat və mühasibat uçotu sənədlərinin məhv edilməsi faktları üzrə Cinayət Məcəllləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddəsi ilə cinayət işi başlanıb.

Sabunçu bələdiyyəsinin vergi müfəttişinin vətəndaşlardan işə düzəltmə adı ilə pul alması faktına dair Ədliyyə Nazirliyinə daxil olan vətəndaş müraciəti ətraflı araşdırılıb, korrupsiya hüquqpozmaları müəyyən edilərək material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Həmin fakt üzrə Cinayət Məcəlləsinin dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (178.2.3, 178.2.4 və 312-1.1) maddələri ilə cinayət işi başlanıb.

Hesabatda bildirilib ki, prokurorluq orqanları tərəfindən aparılan hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar. 

Son xəbərlər

Orphus sistemi