Yuxarı
    Bağlamaq

    ​Ötən il Azərbaycanda 15 mütəşəkkil dəstə zərərsizləşdirilib, 1 678 təqsirləndirilən şəxs tutulub

    Emin Şəkinski: Cinayətlərə görə 5 179 nəfər məsuliyyətə cəlb edilib

    Bakı. 8 aprel. REPORT.AZ/ "Baş Cinayət Axtarışı İdarəsi tərəfindən keçən il və cari ilin ötən dövründə mülkiyyət əleyhinə cinayətlərlə mübarizədə geriliyə yol vermiş şəhər, rayon polis orqanlarına əməli köməkliklər göstərilib, geniş ictimai rezonans doğuran cinayətlər əməliyyat müşavirələrində müzakirə olunaraq görülən tədbirlərin gedişi nəzarətə götürülüb".

    "Report"un məlumatına görə bu sözləri Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski nazirlikdə "Uçot-qeydiyyat intizamına riayət edilməsi”nin, "Mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq, quldurluq və avtonəqliyyatın qaçırılması cinayətlərinin qarşısının alınması və açılması"nın, həmçinin, “Cinayətlərin profilaktikası" sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

    Onun sözlərinə görə, 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib: "Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə mülkiyyət əleyhinə cinayətlər törətmiş 2009 nəfərdən ibarət 742 qrup, o cümlədən 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib. Bütövlükdə, mülkiyyət əleyhinə olan 9443 cinayətin, o cümlədən 4 597 şəxsi əmlak oğurluğunun, 239 soyğunçuluğun, 167 quldurluğun, 225 avtonəqliyyatın qaçırılması faktının açılması təmin olunub. Həmin cinayətlərə görə 5 179 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 1 678 təqsirləndirilən şəxs tutulub. Bilavasitə Baş İdarə əməkdaşlarının iştirakı ilə mülkiyyət əleyhinə olan 300-ə yaxın cinayət açılıb, onları törətmiş 67 nəfər müəyyən edilərək saxlanılıb. 

    E.Şəkinski deyib ki, mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında nazirliyin informasiya sistemlərinin tətbiqinin də böyük əhəmiyyəti olub: "102" xidməti və "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları ilə 69 oğurluq, 66 oğurluğa cəhd, 6 soyğunçuluq, 10 quldurluq, 9 nəqliyyat vasitəsinin qaçırılması və sair cinayətlər "isti izlərlə" açılıb, axtarışda olan 158 avtomobil saxlanılıb.

    Xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə, əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti Kollegiya qərarlarının icrası üzrə görülmüş tədbirlərlə mühafizəyə götürülmüş obyektlərin sayı 1 170, mənzillərin sayı isə 1 233 vahid artıb. Qorunan obyektlərdə 144 oğurluq hadisəsinin qarşısı alınaraq 74 nəfər yaxalanıb.

    2015-ci ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 4,4 faiz yaxşılaşaraq 70,7 faiz təşkil edib. O cümlədən oğurluqların açılması 5,7 faiz, dələduzluqların açılması 1,3 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 1,8 faiz, avtonəqliyyat qaçırmalarının açılması isə 5,8 faiz yaxşılaşıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi