Bakı. 6 avqust. REPORT.AZ/ Ötən iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, avqustun 4-dən 6-dək ölkədə 220 cinayət faktı qeydə alınıb, onların da 48-i “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.