Yuxarı

Orxan Zeynalov Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edib

Moskva sakininin qətlinə görə məhkum edilən Zeynalov cəzasını vətənində çəkmək istəyir

Bakı. 15 avqust. REPORT.AZ/ Moskva sakininin qətlinə görə məhkum edilən Orxan Zeynalov ümid edir ki, Azərbaycan hökuməti cəzasını vətəndə çəkmək üçün şərait yaradacaq. Report "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, məhkumun vəkili Viktor Anikuşkin O.Zeynalov adından müvafiq sorğu ilə Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edib. 

"Azərbaycan səfirliyi Zeynalovun cəza çəkəcəyi yer haqqında qərara təsir göstərə bilər. Mən artıq səfirlikdə olmuşam, indi biz məsləhətləşmələr aparırıq" - deyə, V.Anikuşkin bildirib. Vəkil əlavə edib ki, əgər Zeynalov öz vətəninə getməyə müyəssər olmazsa, onda o, Rusiyanın Şimali Qafqaz ərazisindəki koloniyalardan birinə köçürülməsini istəyəcək, çünki orada onun həmvətənləri var. 

Xatırladaq ki, iyulun 28-də Moskva şəhər məhkəməsi Orxan Zeynalovu Moskva sakini Yeqor Şerbakovun ölümündə təqsirli bilərək onu 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bundan başqa, məhkəmə ölən şəxsin atasına 3 milyon rubl pul təzminat təyin edib. 

İttiham tərəfinin rəyinə görə, ötən ilin oktyabr ayının 10-dan 11-nə keçən gecə Zeynalov sərxoş vəziyyətdə olaraq, səbəbsiz yerə 25 yaşlı Moskva sakini Yeqor Şerbakov ilə münaqişə yaradıb və dava zamanı onu sinəsindən vuraraq, qətlə yetirib. Həmin qətl Qərbi Birulyovo rayonunda əhalinin etirazına, daha sonra isə kütləvi iğtişaşlara səbəb olub.  İstintaq mərhələsində Zeynalov özünümüdafiə haqqında variant irəli sürüb, lakin sonra baş vermiş insidentlə heç bir əlaqəsinin olmadığını bildirib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi